Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2026 , 23:31

35

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Qərbi Azərbaycan İcmasının dəstəyi ilə nəşr olunmuş  “Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı keçirilib

19 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana dair kitab və nəşrlərin İcmada təqdimatının artıq ardıcıl və məqsədyönlü ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, “Qərbi Azərbaycan Rəssamları” kitabı təkcə sənət adamlarının yaradıcılıq irsinin toplanması baxımından deyil, həm də milli yaddaşın, mədəni kimliyin və tarixi varlığın sənət dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nəşr Qərbi Azərbaycanın mədəni mühitini sistemli şəkildə sənədləşdirərək gələcək nəsillər üçün etibarlı mənbə rolunu oynayacaq.

Kitabın ön sözünün müəllifi, sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev nəşrin elmi və bədii əhəmiyyətini qeyd edib. O bildirib ki, kitabda təqdim olunan materiallar həm sənətşünaslıq araşdırmaları, həm də muzey işi üçün dəyərli mənbədir və Qərbi Azərbaycan mənşəli rəssamların yaradıcılıq xəritəsini bütöv şəkildə əks etdirir.

İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa kitabı tarixi-mədəni kontekstdə qiymətləndirərək onun Qərbi Azərbaycanın intellektual və mədəni mühitinin öyrənilməsi baxımından mühüm qaynaq olduğunu bildirib. O qeyd edib ki, nəşr sənət tarixinin müəyyən bir istiqamətini sistemləşdirilmiş şəkildə təqdim edir.

İcmanın Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı kitabın ictimai və maarifləndirici əhəmiyyətinə toxunaraq, bu cür nəşrlərin geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mədəni irsin təbliği informasiya platformalarında daha da gücləndirilməlidir.

İcmanın Nərimanov rayon nümayəndəsi və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev nəşrin yerli İcmalar üçün də dəyərli istinad mənbəyi olduğunu bildirərək, belə layihələrin milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova kitabda toplanmış vizual materialların elmi təsnifat və arxivləşdirmə baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, nəşr gələcək tədqiqatlar üçün etibarlı baza yaradır.

İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov kitabın konseptual baxımdan sistemli və ardıcıl şəkildə hazırlandığını qeyd edərək, bu nəşrin Qərbi Azərbaycan mədəni irsinin sənət prizmasından təqdimatının mühüm mərhələ olduğunu vurğulayıb.

Kitabın müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam və araşdırmaçı Əli İsmayıl Əliyev nəşrin hazırlanma prosesi barədə məlumat verərək, əsas məqsədin qərbi azərbaycanlı rəssamların yaradıcılığını bir araya gətirmək, onların sənət irsini sənədləşdirmək və gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.

Çıxışların ardınca  kitabın müəllifi Əli İsmayıl İcmanın İdarə Heyətinin sədri tərəfindən Fəxri Fərmanla təltif olunub.

Sonda iştirakçılarla xatirə şəkli çəkilib.



Rəylər

0 Rəy


Rəy yaz